Forex-ə qədərki dövr

2-cü Dünya Müharibəsi başa çatandan sonra təkcə siyasət yox, maliyyə sahəsində də Yeni Dünya Düzəninın qurulması lazım idi. Buna yönəlmiş cəhdlər Siyasətdə BMT- nin yaranması ilə nəticələndisə, maliyyə sferasında Bretton-Vud sisteminin (Bretton Woods system) qurulması ilə sonuclandı. Həmin sistem 1944-cü il iyulun 1-dən 22-dək ABŞ-ın Nyu-Hempşir ştatında yerləşən Bretton-vud kurortunda keçirilən beynəlxalq konfransın nəticəsində yaradılmışdı. Bu gün hamının yaxşı tanıdığı Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) kimi təşkilatlar məhz həmin konfransın nəticəsində meydana çıxıblar. Buna görə, onları çox vaxt “Bretton-Vud institutları” adlandırırlar.

Bretton-Vus razılaşması ABŞ dollarını qızıl ilə yanaşı dünyanın əsas tədavül vasitəsinə çevirdi. Bütün digər valyutaların məzənnəsi dollara nisbətdə təsbit olundu. Dolların kursu isə qızılla belə bir nisbətdə müəyyənləşdirildi: 1 troya unsiyası = 35 dollar.

Nəticədə ABŞ köhnə rəqibi Britaniyanı sıxışdıraraq, dünyada valyuta hegemoniyası qazanmış oldu. Bununla da dolların qlobal valyutaya çevrilməsi rəsmiləşdi. Bu da təbii idi – həmin dövrdə II Dünya Mühaibəsindən ən çox qazanan dövlət ABŞ idi – dünyanın bütün qızıl ehtiyatının 70 faizinə məhz o nəzarət edirdi.

Bretton-Vuds sisteminin sonu

60-cı illərin sonlarında dünyada qızıl balansı dəyişmişdi: Amerikanın ehtiyatları azalmış, “köhnə dünyada” isə əksinə, artmışdı. Nəticədə beynəlxalq dövriyyədə qızılla təmin olanmayan dollar kütləsi yaranmışdı. Dünyada ticarətin həcminin durmadan artması pul kütləsinin çoxalmasını tələb edirdi, amma yeni pulları dəyərlə təmin edəcək qədər qızıl hasil olunmurdu. ABŞ-ın ödəniş balansı kəskin şəkildə pisləşirdi. Qərbi Avropa və Yaponiyanın timsalında yeni maliyə mərkəzləri formalaşırdı.

Bütün bunlar və bir sıra digər səbəblər gətirib 1967-ci ilin valyuta böhranına çıxarır. Artıq Bretton-Vud sisteminin dövrü bitmişdi: o, dünyadakı yeni reallıqlar şəraitində effektiv işləyə bilmirdi. Nəticədə 1971-ci ilin 15 avqustunda Amerika prezidenti Rişard Nikson dolların qızıla rəsmi məzənnə ilə dəyişdirilməsini müvəqqəti qadağan edir. Sonra dolların devalvasiyası başlayır: qızılın 1 troya unsiyasının qiyməti əvvəlcə 38, sonra 42 dollara qalxır.

Forex-in yaranması

Niksonun 15 avqust 1971-ci il qərarı faktik olaraq qızıl-valyuta standartından imtina etmək idi. Bununla qızılın qiyməti azad bazarın ixtiyarına buraxıldı. Artıq getdikcə aydınlaşırdı ki, təsbit olunmuş valyuta kurslarından imtina etməyin vaxtıdır. 1973-cü il martın 16-da Yamayka adasında 20 inkişaf etmiş dövlətin qatıldığı konfransda yeni sistemin – Yamayka sisteminin əsası qoyuldu. Bu sistem valyutaların dəyərinin azad bazarda müəyyənləşdirilməsini nəzərdə tuturdu.

Sonrakı 3 il ərzində yeni sistem bir qədər də təkmilləşdirildi və 1976-cı il yanvarın 8-də BVF-yə üzv ölkələrin maliyyə nazirlərinin Kinqston (Yamayka) sammitində Beynəlxalq Valyuta Bazarının – Forex-in yaradılması haqda qərar qəbul edildi.

Yeni sistem valyutaların alıcılıq qabiliyyətinin qızılla müəyyənləşdirilməsi prinsipini ləğv etdi. Mərkəzi banklara valyutaları və qızılı əmtə kimi alıb-satmağa icazə verildi. “Sərbəst dönərli valyuta” termini yarandı.

Bununla da banklar, idxal və ixrac əməliyyatları ilə məşğul olan qurumlar müxtəlif fondlar və s. təşkilatlar valyuta bazarının iştirakçılarına çevrildilər. Mərkəzi Banklar milli valyutaların kursuna təkcə inzibati yox, həm də azad bazar metodları ilə müdaxilə etmək imkanı qazandılar. Daha likvid valyutaların kursu onlara olan tələb və təklifin səviyyəsi ilə müəyyənləşdirilməyə başladı.

1993-cü ildən Valyuta bazarında indiki şəkildə onlayn ticarət tətbiq olunmağa başladı.

Hazırda dünyanın maliyyə sistemini Forex bazarı olmadan təsəvvür etmmək mümkün deyil.